Arterial hipertenziya

Arterial hipertenziya

Arterial hipertenziya xəstəliyi, yəni yüksək qan təzyiqin olmasının  bir çox səbəbləri və əmələ gəlməsinə şərait yaradan risk faktorları var. Onlara irsi meyillilik, hipodinamiya ( fiziki aktivliyin olmaması), piylənmə (2-6 dəfə riski artırır), hiperlipidemiya (ateroskleroz), siqaretçəkmə, alkoqoldan ifrat istifadə, xörək duzundan çox istifadə, kalsiy və magniy defisiti aiddir. Yüksək təzyiqin əmələ gəlməsində ikincili səbəblər ( məsələn endokrin və s) də var. Bu haqda digər məqalədə geniş məlumat veriləcək.

Əvvəllər yüksək təzyiqin yaşlılarda olması düşünülsə də, son illərdə cavanlarda (20-30  yaşlı insanlarda) da bu xəstəlik yayılmışdır. Qadınlarda klimaksa qədər az rast gəlinirdisə, indi artıq çəkili və çox risk faktoru olan cavan qadınlarda da ola bilər. Təzyiqin yüksəlməsini insanlar  hiss etməyə də bilərlər. Lakin bəzən bu simptomlarla özünü göstərə bilər: ürək nahiyəsində ağrı ( əsasən zirvə nöqtəsində), təngənəfəslik, görmənin zəifləməsi, bulanıq görmə  və ya gözlərin önündə qara nöqtələr, başda ağırlıq hissi, başgicəllənmə, yaddaşın pozulması,tez yorulma, başda küy, dərialtında zəif ödemlər. Çox yayılmış başağrısı yüksək təzyiqlə əlaqəli olmaya da bilər.

Diaqnostikasında instrumental müayinələr və laborator analizlər istifadə olunur.Laborator müayinələrdən -, QÜA, SÜA, Lipid spektri, kalium, natrium, kreatinin, sidik turşusu, qalıq azot, TSH, qlikohemoqlobin,aclıq qan  şəkərinin təyini və s.  aparılmalıdır. İnstrumental müayinələrdən EKQ, EXO KQ, AT-in sutkalıq monitorinqi həyata keçirilir.

Müalicə prinsipi – həyat  tərzinin dəyişdirilməsi və dərman müalicəsindən ibarətdir. Həyat tərzinin dəyişdirilməsi dedikdə – artıq bədən çəkisinin azaldılması, müntəzəm fiziki fəaliyyətlə məşqul olmaq, gündəlik rasionda xörək duzunun miqdarının azaldılması, gundə 4-5 porsiya meyvə tərəvəz yemək (tərkiblərindəki kaliumun A/T-i aşağı salmasına görə), xolesterini artıran qidaları azaltmaq, siqaret və həddən artıq alkoqol qəbulundan imtina etmək nəzərdə tutulur. Dərman müalicəsinə –  hipertoniyanın dərəcəsini və hədəf orqanların zədələnməsini nəzərə alaraq başlanılır.Yüksək ÜD riski  və II, III dər AH olan xəstələrdə kombinə olunmuş müalicədən başlanılır. Hipertoniyanın müalicəsi həyat boyu davam etdirilir.

Yüksək təzyiqi olan insanlar idmana üstünlük verməlidirlər.Düşünməsinlər ki, təzyiqim var idman edə bilmərəm.Əksinə yüngül idman növləri ilə məşqul olarlarsa artiq 2-ci ayda onun effektini görə bilərlər.Hər gün 30-40  dəq gəzmək məsləhət görülür. Bu, təzyiqin duşməsinə kömək edəcək. Gündəlik duz qəbulunu 3qr-a, 1 çay qaşığına qədər azaltmaq ,artıq kilolardan azad olmaq, ağır və yağlı yeməklərdən uzaq durmaq lazımdır. Siqareti  kəsmək təzyiqi  2-5 mm c.s. aşağı salır. Bundan başqa, alkoqoldan imtina etmək, təzyiqi müntəzəm ev şəraitində ölçüb yazmaq, daimi olaraq dərman qəbul etmək, təzyiq  normal olsa bele  həkimin xəbəri olmadan dərmanı  kəsməmək, normal 7 saatlıq yuxu yatmaq ,stressdən uzaq olmaq məsləhət görülür.

Dr. Kardioloq Günel Kərimova