Bakıda COVID-19-dan müalicə alan xəstənin ilk 7 günü – Xəstəxanadan qeydlər

Bakıda COVID-19-dan müalicə alan xəstənin ilk 7 günü – Xəstəxanadan qeydlər

Bura Mərkəzi Neftçilər Xəstəxanasının COVID-19-la mübarizə şöbəsidir – çirkli zona. Zənglər dayanmır. Qonşu palatadan da bəzən ah-vay səslərini eşitmək adamı daha da gərir…

Sputnik Azərbaycan koronavirus analizləri müsbət çıxmış, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında COVID-19-dan müalicə alan şəxsin qeydlərini təqdim edir:

“COVID-19, koronavirus boş şeydir!” Əslində, buraya düşənədək mən də belə düşünürdüm. Axı yaxınlarımda, tanışlarımda da belə bir xəstəlik yox idi… İndi isə demək olar ki, bütün ailəm bu xəstəlikdən əziyyət çəkir… Xəstəliyi isə onlara mən yoluxdurmuşam…

Səbəbsiz yerə günlərlə hərarətin qalxması, dəhşətli boğaz ağrısı məni də belə bir xəstəliyin olmasına inandırdı.

Mayın 24-dür, hərarətim 48 saatdır ki, düşmür. Artıq içimdə bir vahimə yaranıb. Bir tərəfdən bu xəstəliyin varlığına inanmağa başlasam da, digər tərəfdən, özlüyümdə, özümə təsəlli üçün yenə də belə bir virusun olduğunu inkar etməyə çalışıram, deyirəm, bəlkə də nağıldır. Qızdırmamın yüksək olmasına səbəb olacaq bir şey də etməmişdim, nə soyuq su içmişdim, nə də dondurma yemişdim, heç özümü soyuğa da vermədiyimdən artıq əsaslarım get-gedə özünü doğruldurdu.

Mayın 26-dır, artıq hər şeyə bir son vermək, bütün narahatlıqlarıma cavab tapmaq üçün test verməli idim…

Mayın 27 – Təcili yardım maşınındayam, içimdə isə heç bir həyəcan qalmayıb, test verdiyim gündən özümü ən pis xəbərə hazırlayıb, bütün gecəni saatlarla ağlayıb rahatladığımdan. “Zəng gələcək, sən pozitivsən”, – deyəcəklər. Belə də oldu, istəmədən gözlədiyim o zəng, o cavab gəldi. Budur, artıq zəng edib ünvanı bir daha dəqiqləşdirirlər. Mən isə elə gecədən bütün çantamı yığmışdım, noutbuk, planşet, “powerbank”, USB-lər, qulaqcıq, kitab, bir qədər də geyim… Bunadək həkimlərim məni intuisiyalı, səbirsiz xəstə, ən pozitiv xəstə kimi adlandırmışdılar. Dəyişməmişdim, yenə də intuisiyalı, türklər demişkən, iç güdüsünə inanan biri və pozitivliyini qoruyub saxlamağı bacaran bir xəstə… Artıq Mərkəzi Neftçilər Xəstəxanasının briqadası məni qarşılayırdı. Onlarla ilk dialoqumuz isə belə başladı: Siz xəstəsiz? Axı heç həyəcanlı deyilsiniz. Belə gülərüz xəstələr çox az olur. Narahat olma, çox tez sağalıb buradan çıxacaqsan”. Beləcə, palatamın üzərinə özü də pozitiv olan xəstə R.Ə. adını (şərti) yazdılar.

Artıq türklər demişkən, bir şoku atlatmışdım. İkinci şok ola bilərdi və oldu. Növbəti gün ailə üzvlərimin nəticəsini öyrəndim. Test verən 5 nəfərdən 3-nün nəticəsi pozitiv çıxdı. Amma aldığım bir xoş xəbər isə mənə yenidən ruh, təsəlli verdi. Evin iki körpəsi, oğlum və qızımın nəticəsi neqativ çıxmışdı. Sanki mənə yeni qol-qanad verilmişdi. Beləcə, özümü toparlamağa başladım. Özümlə gətirdiyim ən şirin fotosuna baxmaqla, “bəsdir, telefonumu qoy əlindən” dediyim vaxtda məndən qaçaraq masanın altına girib çəkdiyi selfilərini, videolarını izləməklə vaxtı ötüşdürməyə çalışdım.

İndi atamla bir palatada qalıram. O daha çox hər şeyin ancaq pis tərəfini düşünməyi bacarır, neqativ düşüncəlidir. İndi yerimiz dəyişib. Vaxtilə qızdırmalı olanda mənim üçün gecələri ayıq qalan atam üçün indi mən gecələr yatmıram, qızdırmasını hər saatda yoxlayıram. Demək olar ki, bir gecədə 5-6 dəfə hərarətini ölçürəm… Onun xəstə olması mənim canımın bir hissəsinin xəstə olmasıdır. Virusdan çox, bu xəstəliyin yaratdığı psixoloji gərginlik günü-gündən artır. Yəqin ki, bütün xəstələrdə belədir. Qonşu palatadan da bəzən ah-vay səslərini eşitmək adamı daha da gərir.

Əslinə qalanda isə bura, Mərkəzi Neftçilər Xəstəxanası tamamilə fərqlidir. Hər kəs vəzifəsi və üzərinə düşən öhdəlikdən daha artığını etməyə çalışır. Başını sığallayan tibb bacısı kim, xörəyini masa üzərində əl dəyilməmiş görüb onu dəyişdirən kim, vəziyyətinə görə “sən nə istəsən, de, gedək, alaq, burada olmasa belə” deyən kim… Hələ xəstələrə xüsusi nəvazişlə yanaşan həkim-infeksionist Natiq Əliyevi demirəm. Hər xəstəylə ayrılıqda maraqlanır, bütün sualları cavablayır, lazım gələndə lap uzun-uzadı izahını verir.

Dəhlizlər isə burada ən dəhşətli mənzərələrə şahiddir, yəqin. Amma bəzən sevinc dolu səslərə, anlara da şahid ola bilir. Üç aydır ki, ailələrindən uzaqda, növbələrini başa vurduqdan sonra oteldə gecələyən tibb bacılarının, burada çalışan, xəstələrə xidmət göstərən digər, nəticəsi neqativ çıxan işçilərin sevinci bir anlıq dəhlizi bürüyür. Sevinc dolu səsləri eşitmək, hələ belə xəstəlikdən əziyyət çəkən biriləri üçün nə qədər gözəldir, bir bilsəniz… Amma bu sevinci yaşamayanlar da olur. Aralarında tibb bacılarının da olduğu pozitiv xəstələr də bizimlə bərabər digər palatalarda yatırlar. Əslində, bu xəstəlik birliyi, doğmalaşmağı öyrətdi desək də yanılmarıq. Hamı bir-birinin sevincinə, kədərinə şərikdir. Demək olar ki, zənglər dayanmır. Üç aydır bir yerdə duz-çörək kəsən, xəbərlərini səbirsizliklə gözləyən tibbi personal da.

Bəzən dəhlizlərdən “Happy birthday to you!”, “yaxşı ki, varsan!” sözlərini də eşitmək mümkündür.

Onlar görünməyən qəhrəmanlarımızdır. Üzlərindən deyil, yalnız o nəvazişli səslərindən birini digərindən ayırd etmək, tanımaq olur. Amma şərait nə qədər yaxşı olsa da, dörd divar, ruhsuz otaq insanı sıxır. Nə də olsa, bura xəstəxanadır axı… doğmalardan uzaq bir yer insana çox pis təsir edir… Sanki dünyanın ucsuz bucağındasan, sarılacaq bir kimsən yoxdur. Bu qollar boşluqdan da darıxır, sarılmaq üçün…

Sadəcə son yeddi gün…