Düyməni basmağa tələsməyin: koronavirus təhlükəsi heç gözləmədiyiniz yerdədir

Düyməni basmağa tələsməyin: koronavirus təhlükəsi heç gözləmədiyiniz yerdədir

Böyük marketlər, ofislər, restoran və kafelər belə davam edərsə, yayda da xəstəliyə yoluxmaq üçün təhlükəli ola bilər

Kondisionerlər koronavirusu yaya bilər. Çinli alimlər kondisioner vasitəsilə insanların virusa yoluxduğunu müəyyən ediblər.

Məlum olub ki, koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb. Şəxslərin bir-birindən 2 metr məsafə saxlamalarına baxmayaraq, kafedə olan 9 nəfər virusa yoluxub. Bununla da müəyyən edilib ki, kondisionerlər virusu daha çox yayır.

Nəzərə alaq ki, qarşıdan yay gəlir. İsti aylarda ofis, market və evlərdə kondisionerlərdən istifadə labüd olsa da, yoluxmanı da nəzərə almaq lazım gələcək. Bəs necə qorunmalı?

Həkim Məlahət AbbasovaSputnik Azərbaycan-a bildirib ki, kondisioner hətta adi günlərdə həddən artıq istifadə edildikdə qrip, zökəm, sətəlcəm və daha ağır xəstəliklərə səbəb ola bilir.

Bundan başqa, xüsusilə kondisionerin yaydığı legioner xəstəliyi də mövcuddur. Bu, bir infeksiyadır və əsasən qapalı yerlərdə, ofis şəraitində baş verir. Kondisioner uzun müddət təmizlənmədiyi təqdirdə xəstəlik yayıcısına çevrilə bilir.

“Kondisionerin səbəb olduğu xəstəliklər sırasında legioner pnevmoniyası ilk yerdədir. Bu, ilk dəfə ABŞ-da təqaüdçü hərbçilər arasında yayılıb. Xəstəliyin müalicəsi üçün həkimə müraciət etmək mütləqdir. Kondisioner əsasən tənəffüs yolu xəstəliklərinə səbəb olur”, – deyə həkim bildirib.

Mütəxəssis qeyd edir ki, kondisioner üz iflicinə də səbəb ola bilər: “Əlbəttə ki, kondisioner onlarla xəstəliyə səbəb olduğu kimi, koronavirusu da yaya bilər. Böyük marketlər, ofislər, restoran və kafelər belə davam edərsə, yayda da xəstəliyə yoluxmaq üçün təhlükəli ola bilər. Təbii ki, bu zaman sosial məsafənin nə qədər olduğu önəmli olmayacaq. Kafe və restoranlarda, ofislərdə, böyük marketlərdə bir neçə kondisioner olur. Odur ki, buraya koronaviruslu xəstə daxil olsa, yoluxma riski böyükdür. Maska taxmaq, əlcək istifadəsi riski azaltmır”.

Həkimin sözlərinə görə, müvəqqəti olaraq kondisioner istifadəsindən imtina etmək olar. Qapalı məkanlar virus təhlükəsini aradan qaldırmaq üçün tez-tez havalandırılmalı, pəncərələr açıq saxlanılmalıdır.

“Yay aylarında sosial məsafəni qorumaq şərti ilə, daha çox açıq havada fəaliyyət göstərən məkanlara üstünlük verilməlidir. Hər kəsin sağlamlığı öz əlindədr. Gigiyenik qaydalara riayət edin. Çalışın, məcburiyyət olmadığı təqdirdə qapalı məkanlardan uzaq olasınız”, – deyə o qeyd edib.

M.Abbasova əlavə edib ki, xəstəliyi daha çox immun sistemi zəif olan şəxslər ağır keçirirlər: “Hər kəs özünü qorumalıdır. Amma daha çox xroniki ağciyər və ya qaraciyər, xərçəng, şəkər xəstəliyi olanlar, alkoqol, siqaret istifadəçilərinin orqanizmi daha həssas olur. Və belə şəxslər xəstəliyə daha tez yoluxurlar”.

 

İradə Cəlilova, Sputnik Azərbaycan