Hamiləlik zamanı yuxu pozulması

Hamiləlik zamanı yuxu pozulması

Hamiləlik təbii hal olsa da, qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olur. Həmin dəyişikliklərdən biri də hamiləlik zamanı baş verən yuxu pozulmasıdır. Yuxu siklinin pozulması hamiləliyin bütün mərhələlərində özünü müxtəlif formalarda göstərir. Gələcək anaların bəzilərində yuxululuq müşahidə olunsa da, bəzilərində narahat yuxu və yuxusuzluğa qədər müxtəlif dərəcəli pozulmalara rast gəlinir.

Respublika Dəmir yolu Xəstəxanasının həkim-ginekoloqu Kəmalə Əliyeva AZƏRTAC-a deyib: “Hamiləlik zamanı yuxu pozulmasının əsas səbəblərindən biri orqanizmdə baş verən hormonal dəyişiklik, xüsusilə qanda yüksələn progesteron hormonudur. Progesteron hormonu hamiləliyin ilk vaxtlarında yumurtalıqlardan, ikinci yarıda isə həm də ciftdən sintez edilir. Hamiləliyin başa çatmasında həmin hormon mühüm rol oynayır, rogesteron hormonunun sintezində iştirak edən maddələr sinir sisteminə təsir edir. Onlar bir tərəfdən antidepressant kimi təsir etsə də, digər tərəfdən yuxusuzluğa səbəb olur.

Bundan başqa hamilə qadının həyatında baş verən dəyişiklik və hadisələr onun həyəcanlanmasına və yuxu siklinin pozulmasına səbəb olur. Sonrakı vaxtlarda yuxunun pozulması fizioloji səbəblərlə əlaqədardır. Dölün böyüməsi nəticəsində baş verən və qadını narahat edən tənəffüs çətinliyi, qarında köp, mədədə və beldə olan ağrıları buna misal göstərmək olar. Həmin vaxtlarda dölün hərəkətliyi də yuxuya təsir edən əsas faktorlardan sayılır. Adətən axşam saatlarında dölün hərəkət intensivliyi artdığına görə yuxuya təsir edə bilir”.

Həkim-ginekoloqun dediyinə görə, hamiləlik zamanı həkim təyin etmədən hər hansı yuxugətirici dərman preparatlarının qəbulu kəskin şəkildə qadağandır. Lakin yuxunu yaxşılaşdırmaq üçün bir sıra məsləhətlər var. Günün ilk yarısında düzgün şəkildə aparılan fiziki hərəkətlər gecə yuxusunu tənzimləyən ən səmərəli vasitələrdən biridir. Yatmazdan əvvəl hərəkətlilik oyanıqlığa səbəb olur və yuxunu pozur.

Gün ərzində bir neçə saat yatmaq gecə yuxusunu pozan əsas səbəblərdəndir. Günorta saatlarında yatmaq əvəzinə sadəcə uzanmaq və dincəlmək daha yaxşıdır. Yataq otağını havalandırmaq lazımdır, çünki sərin hava yuxuya getməni asanlaşdırır. Gecə saatlarında mədə-bağırsağın intensiv işləməsi yuxunu poza bilir.