İcbari tibbi sığortaya keçidin mərhələli xarakter daşıması sistemin yeni olması baxımından zəruridir

İcbari tibbi sığortaya keçidin mərhələli xarakter daşıması sistemin yeni olması baxımından zəruridir

Əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsi və rifahının yaxşılaşdırılmasına təsir edən əsas göstəricilərdən biri də vətəndaşların sağlamlığıdır. Sağlam həyatı təmin etmək üçün keyfiyyətli, əlyetər səhiyyə xidmətlərinin olması zəruridır. Təsadüfi deyil ki, ayrı-ayrı təşkilatlar, o cümlədən beynəlxalq institutlar tərəfindən həyat keyfiyyəti qiymətləndirmələrində səhiyyə və sağlamlıqla bağlı göstəricilər də təhlil olunur.

Son illərdə ölkəmizin səhiyyə sistemində əsaslı islahatlar aparılır. Müasir avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri tikilib istifadəyə verilir, kadr hazırlığının səviyyəsi yüksəldilir, bir sıra xəstəliklər üzrə qanunlar, dövlət proqramları qəbul olunur, özəl tibb fəaliyyəti sürətlə inkişaf edir və s. Bütün bunlar ölkə vətəndaşlarının sağlam yaşamasına yönəldilmiş fəaliyyətdir. Aparılan islahatların nəticəsidir ki, son illərdə vətəndaşların doğulanda gözlənilən ömür müddəti yüksəlmişdir.

Lakin bütün bunlarla yanaşı əhalinin tibbi xidmətlərə əlyetərliyini tam təmin etmək və sağlam ömür müddətinin uzanması üçün İcbari Tibbi Sığorta sisteminin 2020-ci ildən ölkəmizdə də mərhələli şəkildə 2020-ci ilin sonuna kimi tətbiqi planlaşdırılır. İcbari tibbi sığortaya keçidin mərhələli xarakter daşıması sistemin yeni olması baxımından zəruridir. Bunu AZƏRTAC-a AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov deyib.

İqtisadçı alim hesab edir ki, regionların seçilməsi təsadüfi və kortəbii xarakter daşımamalıdır. Təbii ki, yeni sistemin tətbiqi zamanı bir sıra problemlər meydana çıxacaq və onların da aradan qaldırılması icbari tibbi sığortanın səmərəliliyi baxımından çox vacibdir. Odur ki, ölkənin bütün regionlarının sosial, iqtisadi, demoqrafik və infrastruktur amilləri nəzərə alınmalıdır. Həmçinin regionlar üzrə əhalinin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, infeksion və parazitar xəstəliklərə yoluxması hallarının statistik məlumatlar əsasında nəzərə alınması da məqbul hesab edilir. Bu baxımdan, inzibati rayonlar üzrə səhiyyənin kəmiyyət və keyfiyyət göstəriciləri, iqtisadi fəal əhalinin, muzdla çalışanların sayı araşdırılmalı və sistemli elmi yanaşma olmalıdır. İlk növbədə inzibati rayonların və respublika tabeli şəhərlərin səhiyyə göstəriciləri üzrə reytinqi müəyyənləşdirilməlidir. Bundan sonra şərti olaraq sıralamada “ən yaxşı” və ya “ən pis” göstəricilərə malik rayon və şəhərlərdə İcbari Tibbi Sığorta sisteminin tətbiqi haqqında qərar verilməsi məqsədə uyğundur.

Rəsmi məlumatlara əsasən 2020-ci ilin birinci rübündə 20 inzibati rayonda İcbari Tibbi Sığorta tətbiq olunacaq. Seçilmiş inzibati rayonlardan 5-i (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) Quba-Xaçmaz iqtisadi regionuna, 6-sı (Şəki şəhəri, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ) Şəki-Zaqatala, 4-ü (Şamaxı, İsmayıllı, Ağsu, Qobustan) Dağlıq-Şirvan iqtisadi regionuna daxildir. 2019-cu ildə “Azərbaycan regionlarının həyat keyfiyyəti İndeksi” adlı 61 inzibati rayon və respublika tabeli şəhər, 8 iqtisadi region üzrə aparılmış tədqiqatda səhiyyə sistemi və əhalinin sağlamlıq problemləri (6 göstərici – Doğulanda gözlənilən ömür müddəti; Xəstəxana çarpayılarının sayı; Ambulator-poliklinik müəssisələrin sayı; Həkimlərin sayı; Körpə ölümü əmsalı; Ana ölümü əmsalı) elmi cəhətdən araşdırılıb. Araşdırmaların nəticələrinə görə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin icbari tibbi sığortanın tətbiqi üzrə seçdiyi rayonların heç də təsadüfi olmadığı məlum olub. 8 iqtisadi region üzrə Quba –Xaçmaz 4-cü , Şəki-Zaqatala 7-ci, Dağlıq-Şirvan isə autsayder olaraq 8-ci yerdə qərarlaşıb. 1 respublika tabeli şəhər və 8 inzibati rayon (Qax, Siyəzən, İsmayıllı, Quba, Zaqatala, Qəbələ, Xaçmaz, Şəki şəhəri və Şamaxı) sağlamlıq sub göstəricisi üzrə 31-61-ci yerləri bölüşmüşlər.

Tədqiq edilən sağlamlıq subgöstəricilər üzrə bəzi alt göstəricilərin iqtisadi region və inzibati rayonlar üzrə təhlili göstərir ki, sağlamlığın əsas keyfiyyət göstəricilərindən biri olan doğulanda gözlənilən ömür uzunluğu alt göstəricisinə görə Quba-Xaçmaz sonuncu, Şəki-Zaqatala 5-ci yerdədir. Şəki-Zaqatala iqtisadi regionu ambulator-poliklinika müəssisələrinin sayına və körpə ölümü əmsalına görə 6-cı, ana ölümü əmsalına görə 8-ci yerdə, Quba-Xaçmaz hər 10 min nəfərə həkim və xəstəxana çarpayılarının sayına görə 6-cı, hər 10 min nəfərə ambulator poliklinika müəssisələrinin sayına görə 5-ci, Dağlıq-Şirvan hər 10 min nəfərə həkim və xəstəxana çarpayılarının sayına görə 7-ci, körpə və ana ölümü əmsallarına görə isə müvafiq olaraq 8-ci və 6-cı yerlərdə qərarlaşıb. Analoji təhlilləri yuxarıda qeyd etdiyimiz iqtisadi regionlara daxil olan inzibati rayonlar üzrə aparsaq, bir daha əyani şəkildə görə bilərik ki, dövlət agentliyinin seçdiyi regionlar əhalinin sağlamlığının risk qrupunda olduğu ərazilərdir. Həyata keçirilən tədbirlər agentliyin strateji məqsədlərinə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı formalaşdırmaqla, zamandan və məkandan asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı missiyasını təmin edərək şəffaflıq, əlçatanlıq, peşəkarlıq, ədalətlilik dəyərlərinə xidmət edəcəkdir.

 

https://azertag.az/xeber/Icbari_tibbi_sigortaya_kechidin_merheleli_xarakter_dasimasi_sistemin_yeni_olmasi_baximindan_zeruridir-1361157