Koronavirusu məhv edən robot yaratdılar

Koronavirusu məhv edən robot yaratdılar

Bəhreyndə koronavirusu və digər mikroorqanizmləri məhv etməyə qadir robot hazırlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazıb.

Robot 12 dildə danışa, bədənin hərarətini ölçə, səsli komandalara reaksiya verə və xəstələrin üzlərini tanıma texnologiyasından istifadə edə bilir.

Robot virusa qısa dalğalı ultrabənövşəyi şüa ilə təsir edir. 30 dəqiqə ərzində robot bütün mikroorqanizmlərin 90%-ni öldürür: membranını dağıdaraq, DNT-sini məhv edir. Ancaq emal zamanı məkanda insan olmamalıdır, çünki robotun işığı insan hüceyrələrini zədələyə bilər.

Şərqi İngiltərə Universitetinin professoru Pol Hanter deyib ki, ultrabənövşəyi şüalar virusların əksəriyyəti ilə effektiv mübarizə aparır, ona görə də “ultrabənövşəyi işığın SARS-CoV-2 virusunu dezaktivasiya etməsi təəccüblü deyil”.

Hazırda robot sənaye şərtləri altında sınaqdan keçirilir. Bunlardan ikisi artıq Bəhreynin tibb müəssisələrində istifadə üçün buraxılıb. Bəhreynin Səhiyyə naziri Valid Əl-Manea bu maşınları “tibbdə inqilab” adlandırıb, çünki onlar həkim və tibb bacılarına böyük kömək göstərə bilər.

Mühəndislər əvvəllər buna bənzər, yəni ultrabənövşəyi şüalarla işləyən cihazlar düəzldiblər. Bunlar səthlərin virus və zərərli mikroorqanizmlərdən təmizlənməsi üçün nəzərdə tutulurdu.

Çinin Quançjou şəhərində isə süni intellektə malik iki robot koronavirusa yoluxmuş xəstələrə qulluq edir – onlara yemək və dərman gətirir, yataqlarını düzəldir və tibbi zibili yığışdırırdı.