Körpələrdə qəbizlik

Körpələrdə qəbizlik

Körpələrdə qəbizlik – tez-tez rast gəlinən haldır, və bir çox analar, xüsusən də nisbətən təcrübəsiz olanlar, övladına necə kömək edəcəyini və nə tədbir görəcəyini bilmədiyinə görə, özünü itirir. İmalə və işlədici vasitələrdən, nənənin verdiyi tövsiyələrə və ya qonşunun məsləhətinə qədər bütün vasitələr sınaqdan keçirilir. Lakin uşaq orqanizmi o qədər həssasdır ki, radikal tədbirlər nəinki faydasız ola, həm də sağlamlığa əhəmiyyətli dərəcədə ziyan vura bilər. Xüsusən də pediatrla məsləhətləşmədən verilən dərmanlar baxımından. Bəs qəbizliklə düzgün və təhlükəsiz mübarizə yolları hansılardır, və hansı hallarda ana müstəqil olaraq uşağa kömək edə bilər?

Körpələrdə qəbizliyin səbəbləri və əlamətləriKörpələrdə qəbizlik

Həkim-pediatr nöqteyi-nəzərindən uşaqda qəbizliyin əmələ gəlməsi – son bir neçə gün ərzində defekasiya aktının baş verməməsi və ya bağırsağın boşaldılması prosesində çətinliklərin yaranmasıdır. Daha körpə uşaqlarda genetik xəstəliklərdən qidalanmada yol verilən xətalara qədər ən müxtəlif amillər qəbizliyin səbəbi ola bilər.

Həzm sisteminin anomallıqları. Çox nadir hallarda rast gəlinsə də, məhz bunun nəticəsində uşaqda mütəmadi olaraq qəbizlik halları baş verə bilir. Bu cür xəstəliklərə dolixosiqma və Girşprunq xəstəliklərini aid edirlər. Dolixosiqma – defekasiya aktından öncə nəcis kütlələrinin toplanmalı olduğu siqmaşəkilli bağırsağın uzanması şəklində təzahür edən anadangəlmə qüsurdur.  Dolixosiqma zamanı bağırsağın boşalması prosesi siqmaşəkilli bağırsaqda təzyiqin yaranması nəticəsində, eləcə də onun bükülməsi səbəbindən ləngiyir. Girşprunq xəstəliyi bağırsaq innervasiyasının pozulması nəticəsində meydana gəlir: bu cür pozulmalar nəticəsində onun bəzi hissələri spazma vəziyyətində olmaqla, demək olar ki, işləmir. Bu xəstəliklərin müalicəsi çox vaxt cərrahi müdaxilə ilə həyata keçirilir.

Raxit və hipoterioz. Raxit xəstəliyi zamanı D vitamininin çatışmazlığı orqanizmin immun müdafiəsini zəiflədir, ümumi əzələ tonusunu azaldır və, nəticə etibarilə, qəbizliyə gətirib çıxarır. Qalxanvarı vəzin anadangəlmə patologiyası ilə doğulmuş uşaq da həyatının ilk günlərindən qəbizlikdən əziyyət çəkə bilər.

Psixogen səbəblər: tez-tez baş verən stress halları və ya balacanın fikrini yayındıran çoxsaylı amillər də qəbizliyin yaranmasının ciddi səbəblərindəndir.

Kifayət qədər hərəkətliliyin olmaması. Hərəkətin yetərsizliyi də mədə-bağırsaq yolunun funksiyasının pozulmasına səbəb ola bilər. Körpə hələ müstəqil yeriyə və ya oynaya bilmədiyinə, çox vaxtını uzanıqlı vəziyyətdə keçirdiyinə görə, uşağın lazımi hərəkət səviyyəsini təmin etmək məhz ananın borcudur.

Disbioz – uşaqlarda qəbizliyin yaranmasının ən geniş yayılmış səbəblərindən biridir. Disbioz körpələrdə ana südü ilə qidalanmağa başlamanın gecikməsi, süni qidalar qəbul edən uşaqlarda qeyri-düzgün və ya tam dəyərli olmayan qidalanma və ya laktozanı mənimsəməmə nəticəsində baş verə bilər. Həmçinin disbiozun mədə və bağırsağın xroniki xəstəlikləri, xora xəstəliyi, allergik və ya kəskin infeksion xəstəliklərin fonunda da yaranması mümkündür. Çox vaxt o, antibiotik və digər dərman vasitələrinin aktiv qəbulunun nəticəsi kimi təzahür edir.

Lakin pediatr köməyi olmadan uşağın həqiqətən də qəbizlikdən əziyyət çəkib-çəkmədiyini müəyyən etmək olduqca çətindir. Mütəmadi defekasiyanın azalması və ya olmaması sadəcə olaraq körpənin fizioloji xüsusiyyəti də ola bilər.  Bundan başqa, pediatrın köməyi olmadan diaqnoz qoymağa cəhd etmək çox təhlükəlidir. Belə ki, anaların düşünülməmiş hərəkətləri bəzi hallarda mənfi nəticələrə gətirib çıxarır.

Körpələrdə qarın işləməsinin tezliyi onların yaş dövrü ilə sıx əlaqəli olub, ana südü ilə qidalananlarda süni qida qəbul edən körpələrə nisbətən daha yüksək ola bilər. Əksər körpələrdə dörd aya çatanda qida növündən asılı olmayaraq defekasiya orta hesabla gündə iki dəfə baş verir.

Defekasiyaların sayından əlavə məsuliyyətli ana daha nələrə diqqət etməlidir? Ən əsası – əlbəttə ki, uşağın ümumi vəziyyətidir. Nəcis kütlələrinin konsistensiyası da vacibdir: ana uşağın nəcisinin sıxlığına, rənginə, tərkibinə və qoxusuna, eləcə də bağırsağın boşalması prosesində körpənin davranışına nəzarət etməlidir.

Körpələrdə qəbizlik

Südəmər uşağın normal nəcisi sarı rəngdə olub, xoşagəlməyən iyə malik olmur, yarım duru konsistensiya ilə seçilir, bəzi hallarda ana südünün həll olmamış hissəciklərini ehtiva edir. Süni qida qəbul edən körpələrdə nəcis daha sıx olub, bəzən səciyyəvi qoxuya malik olur.

Qəbizliyin yaranmasına işarə edən simptomları müəyyən etmək, bir qayda olaraq, asandır:

Körpənin qarnı daima köp vəziyyətdə olur, lakin qazlar olmur;

Uşaq narahatlıq keçirir, yuxusu pozulur, tez-tez qışqırır, ağlayır, iştahası itir;

Defekasiya aktı zamanı körpə gücənir, lakin bu nəticə vermir, bu zaman uşağın üzündə gərginlik və ya ağrı ifadəsi yaranır, ağlamağa başlayır, narahat hərəkətlər edir;

Körpə tez-tez dizlərini sinəsinə doğru çəkib bükür və qızarır;

Bəzən qusma baş verir;

Gigiyenik prosedurlar zamanı uşaq açıq-aşkar narahatlıq nümayiş etdirir – bu, qəbizliklə əlaqədar olaraq düz bağırsaqda çat əmələ gəlməsi ilə izah oluna bilər;

Defekasiya zamanı nəcis sıx və quru, xırda yumru hissəciklər şəklində olub, çürüntü qoxusuna malik olur.

Qəbizlik şübhəsi yarandıqda valideynlər dərhal pediatra müraciət etməlidir. Məsələ burasındadır ki, uzunmüddətli qəbizlik körpədə diskomfort yaratmaqla yanaşı, həm də onun sağlamlığı üçün ziyandır. Xroniki qəbizlik düz bağırsaqda yırtıq, infeksiya və qanaxmalarla müşayiət olunan zədələnmələr törədə, həmçinin orqanizmin ümumi intoksikasiyasına səbəb ola bilər.

Uşaq qəbizliyinin müalicəsi: təcrübəli anaların metodları

Qəbizliyin müalicəsində ən əsası onun səbəbini aydınlaşdırmaq və onu imkan daxilində aradan qaldırmaqdır. Lakin hər bir ana bilməlidir ki, problemi törədən səbəb məlum olmadıqda qəbizliyin müstəqil müalicəsi körpə üçün təhlükəli ola bilər. Qəbizlik bir neçə gün davam edirsə, uşağı mütləq həkimə göstərin – orqanizmin zəhərlənməsi və susuzlaşması da ciddi fəsadlara gətirib çıxara bilər. Zəruri hallarda həkim lazımi medikametoz müalicə təyin edəcək.

İmalə və işlədici vasitələr yalnız xüsusi tədbir kimi tətbiq olunmalıdır! Bu proseduralar uşaq orqanizmindən ona lazım olan vitaminləri, zülalları, mikroelementləri çıxarmaqla, faydalı mikrofloraya mənfi təsir göstərə bilər. Bundan əlavə, bu vasitələr bağırsağın əzələ tonusu aşağı salır, onun təbii defekasiya refleksini pozur. Türkəçarədən də istifadə etməyə dəyməz – balacalar üçün bu cür vasitələr çox zaman əks göstərişdir. Həm də bu vasitələrin heç də hər biri real terapevtik effektə malik deyil. Lakin, pediatra getməzdən əvvəl ana körpənin vəziyyətini yüngülləşdirmək üçün zərərsiz və yumşaq vasitələrdən istifadə edə bilər.

Qarnın masajı. Bu, spazmanı aradan qaldırmaq, bağırsaq peristaltikasını aktivləşdirmək və onun tonusunu yüksəltmək üçün həyata keçirilir. Qarın nahiyəsi yumşaq dairəvi hərəkətlərlə saat əqrəbi istiqamətində masaj olunur – yüngülcə basmaqla sığallamaq lazımdır. Əlavə effektə nail olmaq üçün körpənin qarnının üstünə isti dəsmal və ya bələk ağı sərmək olar. Bir çox analara “velosiped” adı ilə tanış olan və körpənin ayaqlarını növbə ilə qarnına doğru qatlamaq şəklində yerinə yetirilən idman hərəkəti də bəzən yaxşı nəticə verir.

Körpələrdə qəbizlik

Ananın bədəninin istisi və ya isti su ilə vanna etmək. İkinci üsuldan danışarkən, əlavə toxunuşlu kontakt üçün ananın körpə ilə birlikdə vanna qəbul etməsi tövsiyə olunur. Bəzi analar sadəcə olaraq körpəni sinəsinin üstə uzadıb, yüngülcə özünə sıxır – bu, körpəni stressdən azad etmək üçün çox yaxşı üsuldur.

Arxa keçidi qıcıqlandırmaq yolu ilə bağırsağın mexaniki stimullaşdırılması. Bunu çox ehtiyatla etmək lazımdır. Uşaqlar üçün hipoalergen kremlə yaxşıca isladılmış qulaq çöpündən, və ya xüsusi qazçıxaran borucuqdan istifadə etmək olar. Çöpü ehtiyatla körpənin anal dəliyinə (çox dərinə olmamaq şərti ilə) yeridin və bir neçə dəfə ehtiyatla fırladın. Selikli qişanın zədələnməsi riski olduğundan bu üsuldan sui-istifadə etmək tövsiyə olunmur.

Qliserin şamları. Yeni doğulmuş körpələr üçün və ya ilk aylarını yaşayan uşaqlar üçün xüsusi nəzərdə tutulmuş şamlardan istifadə olunmalıdır. Şam nəcisi effektiv şəkildə yumşaldır və defekasiya aktının baş verməsinə kömək edir, lakin şamları yalnız həkim təyinatı əsasında istifadə etmək tövsiyə olunur.

Pəhriz. Südəmər uşağa ana südü vermək tövsiyə olunur. Bu zaman ana öz rasionunu dəyişməli, xeyli miqdarda maye qəbul etməli, eləcə də işlədici effektə malik olan və bol miqdarda birləşdirici toxuma ehtiva edən meyvə və tərəvəzləri rasiona əlavə etməlidir. Yağsız  südturşusu məhsulları, o cümlədən təbii yoqurt istifadə etmək olduqca faydalıdır. Bəzi yarmaları, qəhvə, çay, un məmulatları, yağlı balıq və əti rasiondan çıxarmaq yaxşı olar. Süni qida qəbul edən uşaqlar yemək arasında bol miqdarda maye qəbul etməlidir. Zərurət yarandıqda süni uşaq yeməyini bol miqdarda laktobakteriya ehtiva edən qida ilə əvəz etmək olar. Uşaq artıq əlavə qida qəbul etməyə başladıqda, təbii pürelər və ya şirələr vermək tövsiyə olunur: qəbizlik zamanı qara gavalıdan hazırlanan püre və ya kompot kömək edə bilər.

Bütün digər hallarda olduğu kimi, qəbizliyi müalicə etməkdənsə, onun qarşısını almaq daha asandır. Ələlxüsus da ona görə ki, profilaktikanı istisnasız bütün analara məhdudiyyətsiz tövsiyə etmək olar.

Qəbizliyin profilaktikası

Valideynlər qəbizliyin ilk təzahürlərini gözləmədən, mütəmadi olaraq profilaktik tədbirlər görməlidir. Qidalanmadan əvvəl körpəni bir müddət qarnı üstə uzatmaq, yeyəndən sonra isə bir-iki dəqiqə ərzində onu şaquli vəziyyətdə “dik” saxlamaq çox faydalıdır.

Qarın masajı və gimnastika da daimi xarakter almalıdır, çünki, qeyd etdiyimiz kimi, fiziki fəallığın əskikliyi qəbizliyin yaranma səbəblərindən biridir.  Bir qayda olaraq, hərəkətlər kompleksini uşaq poliklinikasında pediatrdan və ya patronaj tibb bacısından öyrənmək olar.

 

Dr. Leyla Məmmədova

Pediatr

Əlaqə telefonu: (+994) 50 332-43-34