Məxmərək

Məxmərək

Hər vaxtınız xeyir, əziz oxuyucular. Bu gün adı onlarla bir sırada anılan məxmərək haqqında danışacağıq.
Məxmərək kəskin yoluxucu viruslu xəstəlikdir. Uşaq və böyüklərdə məxmərək yüngül keçir: hərarət qalxır və səpgilər əmələ gəlir. Lakin hamilələr üçün tayı-bərabəri olmayan bir təhlükədir məxmərək – düşük, döl ölümü, körpənin ölü doğulması və anadangəlmə qüsurlara (AMS – anadangəlmə məxmərək sindromuna) səbəb ola bilər.
Məxmərək xəstə insan asqırdıqda və öskürdükdə hava ilə yayılır və yalnız insanlarda olur.
Uşaqlarda bu xəstəlik çox yüngül keçir: uşaq səpir, qızdırır (<39°C), qusur və gözləri azca qızarır. Səpgi əvvəl üz və boyunda əmələ gəlir, sonra bədəndə, və 1-3 gün qalır. Məxmərək üçün ən ayırıcı əlamət – qulaqların arxasında və boyunda limfa düyünlərinin şişməsidir. Məxmərəyə yoluxmuş böyüklərdə (3-10 günlük) oynaqların ağrısı ilə keçən artrit əmələ gələ bilər.
Yoluxmadan sonra virus orqanizmdə 5-7 gün içində məskunlaşır. Bundan 2-3 həftə sonra “bütün gözəlliyi ilə” özünü göstərir. Xəstə insanın başqa birini ən çox yoluxdurması isə səpdikdən 1-5 gün sonra olur.
Əgər qadın hamiləliyin ən başında (ilk üç ayında) məxmərək virusuna yoluxarsa, o zaman 90% hallarda bu virus uşağa da keçir və nəticədə düşük, uşağın ölü doğulması və ağır anadangəlmə qüsurlar əmələ gəlir (AMS). AMS olan körpələr doğulduqdan bir il sonra (və bəzən daha uzun müddət) virusu yayırlar.
Peyvənd
Məxmərəyə qarşı vurulan peyvəndlər ya birtərkibli, ya da çoxtərkibli: qızılca, qızılca/parotit, qizilca/parotit/suçiçəyi peyvəndləri ilə qarışıq olurlar.
Peyvənddən sonra yüngül reaksiyalar ola bilər: peyvənd yeridilən nahiyədə ağrı və qızartı, yüngül qızdırma, səpgi və əzələ ağrıları.
Özünüzü qoruyun, hər zaman sağlam olun!
Hörmətlə, doktor Həmid Hacıağayev.

#drhamidhaciagayev #hayatclinic #məxmərək#səpgi #hərarət #uşaq #infeksiya #xəstəlik #pediatr#infeksionist