USM

USM

Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir.
Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.

10-cu həftədən 13-cü həftəyə qədər  dölün xromosom patologiyasının ultrasəs markerlərini (əlamətləri) – dölün yaxalıq məsafəsinin qalınlığının artması və burun sümüyünün mövcud olmaması aşkar oluna bilər.

Dölün yaxalıq məsafəsinin qalınlığı – dölün dərisi və onurğanın boyun nahiyəsini əhatə edən  yumşaq toxumaların arasındakı sahənin ölçüsüdür. Yaxalıq məsafəsinin həm normal döldə, həm də xromosom xəstəlikləri (məs. Daun sindromu)  olan döllərdə aşkar olunur. Lakin,   xromosom xəstəliyi olan döllər üçün yaxalıq məsafəsinin qalınlığı 2,5 mm. artıq olması xarakterik olur. Yaxalıq məsafəsi bütün döllərdə hamiləliyin 14-cü həftəsindən  sonra itir, bu səbəbdən onu ölçmək imkanı olan dövrdə, yəni hamiləliyin 10-cu həftəsindən 13-cü həftəsinə qədər müayinədən keçirmək vacibdir. Xromosom patologiyalı döllərdə sümükləşmə   prosesi daha gec baş verir, bu səbəbdən bu müddətdə ultrasəs müayinəsi zamanı burun sümüyünün mövcud olmaması dölün xromosom patologiyasının əlaməti ola bilər.