Qan təzyiqi nədir və necə əmələ gəlir

Qan təzyiqi nədir və necə əmələ gəlir

Hüceyrələrin qidalanması və enerji istehsal edə bilməsi üçün lazım olan maddələr və oksigen qan yolu ilə çatdırılır, əmələ gələn lazımsız mübadilə məhsulları və karbondioksid yenə də qan vasitəsilə hüceyrədən daşınır. Ürək bir pompa (nasos) rolunu oynayır: ağciyərlərdən gələn “təmiz“ qanı arteriyalar vasitəsilə bütün vücuda pompalayır və “kirli“ qanı venalar vasitəsilə ağciyərlərə çatdırır.

Hər bir ürək atımında ürək əvvəlcə qanı pompalamaq üçün yığılır, sonra qanın yenə ürəyə dolması üçün “boşalır“, istirahət halına keçir. Qan pompalanan zaman aorta divarındakı ən yüksək təzyiq sistolik qan təzyiqi, istirahət halında əmələ gələn ən aşağı təzyiq isə diastolik qan təzyiqi adlanır. Optimal sistolik təzyiq 120 mm c.s.-dan, diastolik təzyiq 80 mm c.s.-dan aşağı olmalıdır.

Hipertoniya nədir

Yetişkin (18 yaşını keçmiş) insanda fərqli iki gündə ən az iki dəfə aparılan ölçmədə sistolik təzyiqin 140 mm c.s. və ya daha çox olması, diastolik təzyiqin isə 90 mm c.s. və ya daha çox olması hipertoniyadır.
Sistolik təzyiqi 120-139 mm c.s., diastolik təzyiqi 80-89 mm c.s. aralığında ölçülən insanlar hipertoniya xəstəliyi üçün namizəddirlər və həkim tərəfindən məsləhət görülən sağlam qidalanma, siqareti tərgitmə, idman hərəkətləri etmə, bədən çəkisi artıqdırsa arıqlama kimi bəzi tədbirləri almalıdırlar.

Qan təzyiqini necə düzgün ölçməli

Qan təzyiqi yeməkdən əvvəl, ən az 10 dəqiqə sakit bir şəraitdə dincəldikdən sonra ölçülməlidir. Pasiyent son yarım saat içərisində çay qəhvə içməməli, siqaret çəkməməlidir. Qolu sıxan geyim çıxarılmalıdır. Qol alt tərəfdən dəstəklənərək ürək səviyyəsində tutulmalıdır. Hər iki qoldan ən az 2 dəqiqə fasilə ilə 2 dəfə ölçmə aparılıb orta rəqəm alınmalıdır. Yüksək olan tərəfin rəqəminə diqqət edilməlidir.

Əlavə müayinələr nə üçündür

Xəstələrin 90-95%-də yüksək təzyiqə səbəb ola biləcək başqa bir xəstəlik yoxdur. Buna primer (birincili) hipertoniya deyilir. Digər 5-10% xəstədə yüksək təzyiq hər hansı bir səbəbə və ya xəstəliyə yanaşı olaraq meydana çıxır. Bu isə ikincili hipertoniyadır.

 

Dr. Günay Novruzova

Kardioloq