“Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi

“Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi

6 dekabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Qazaxıstandan gələn ekspertin iştirakı ilə “Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi. Seminarda Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası və İSİM-in mütəxəssisləri iştirak etdilər.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, Azərbaycanda səhiyyənin elektronlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi, səhiyyə sistemində idarəetmə və islahatlarla bağlı beynəlxalq təcrübənin öyrənilməsinin aktual məsələ olduğunu vurğuladı. SİM-in direktoru Cəbrayıl Əsədzadə səhiyyədə formaların elektronlaşdırılmasının yeni bir sahə olduğunu və bu istiqamətdə təcrübələrin paylaşılmasının böyük əhəmiyyət daşıdığını bildirdi. Qazaxıstan Respublikasının Səhiyyə İnkişafı Mərkəzinin direktor müavini Janiya Nurqaliyeva elektron səhiyyənin inkişafı konsepsiyası, elektron sağlamlıq pasportu modelinin yaradılması, elektron sağlamlıq pasportunun əsas funksiyaları, funksional elektron sağlamlıq pasportu və standartlaşdırılmanın digər mərhələləri barədə ətraflı məlumat verdi.

Seminarın sonunda iştrakçıların sualları cavablandırıldı və qonağa xatirə hədiyyələri təqdim olundu.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidməti