Təcili tibbi yardım 2019-cu ilin hesabatını verdi

Təcili tibbi yardım 2019-cu ilin hesabatını verdi

Təcili tibbi yardım işçiləri beynəlxalq tədbirlər, təbii fəlakətlər, bayram şənlikləri, xalqın şad və həmçinin ağır günlərində daima əhali ilə sıx qarşılıqlı münasibətdə olaraq vəzifə borcunu yerinə yetirir.

2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726693 ümumi müraciət daxil olub. Bu müraciətlərdən 66600-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 80000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13200 olmuşdur ki, bu rəqəmdə artım qeyd edilir. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 3600 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 78540, hospitalizasiya 13300, miokard infarktı ilə müraciətlərin sayı 870, hospitalizasiya 814, insultla müraciətlərin sayı 3600, hospitalizasiya 3200 olub.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil edilib.

Doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2670; hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilərək, ünvana polis əməkdaşları dəvət olunub.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 26700, hospitalizasiya 18300-dür. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 21718, hospitalizasiya 13833.

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 20 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 900 körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.

Təcili tibbi yardıma ehtiyacı olan 170 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

BŞT və TTYS-nın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2019-cu il ərzində 7000-ə yaxın laborator daşınma icra edilib.

BŞT və TTYS tərəfindən sənədləşmə işləri təkmilləşdirilmiş formada aparılır. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadə edilir. Onların elektron variantı da hazırlanır. “Çağırış vərəqi” formasının elektron variantı planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə verilməklə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq.

Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilmiş və kameralar quraşdırılaraq rəhbərlik, həmçinin əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilib, tibb işçilərinin təhlükəsizliyi təmin edilib.

BŞT və TTYS-na müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır ki, bu da hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və o cümlədən xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım etmiş olur.

Təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahısı müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır.

Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞT və TTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır.

BŞT və TTYS-nin əlavə hazırlıq keçmiş həkim və orta tibb işçiləri IV İslam həmrəyliyi oyunları-2019, Formula 1 Azərbaycan Qran Prisi yarışları, “Olimpiada Gənclər Festivalı-2019”, Beynəlxalq İnformatika Olimpiadası-2019, UEFA LİGUE Final 2019 həmçinin 1200-dən artıq beynəlxalq əhəmiyyətli dövlət tədbirləri zamanı zəruri hallarda tədbir iştirakçıları və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər. Tibb işçilərinin bu ağır əməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilib və BŞTvəTTYS-nın bir qrup işçisi mükafatlandırılıb.

Təcili və təxirəsalınmış tibbi yardım həkimləri ixtisas hazırlıqlarının təkmilləşdirilməsi məqsədi ilə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kurslarında iştirak ediblər. BŞT və TTYS – nin bütün həkim və orta tibb heyəti sertifikasiyadan keçib, bir çoxları yüksək ixtisas dərəcələri alıblar.

Stansiyada psixoloq fəaliyyət göstərir və bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji yardıma ehtiyacı olanlara müvafiq yardım göstərir.

BŞT və TTYS-nin bölmələrində hər həftə aktual mövzulara aid, həmçinin səhiyyə sahəsində olan yeniliklərlə tibb heyətini tanış etmək məqsədi ilə elmi praktik konfranslar, həkimlərin bilik səviyyəsini yüksəltmək məqsədi ilə sorğular keçirilir.

2015-ci ilin mart ayından 2019-cu ilədək BŞT və TTYS-nin həkim və orta tibb işçilərinin ünvanına 2619-dan artıq təşəkkür məktubu və zəngləri daxil olub. Belə ki, 2015-ci ildə 206, 2016-cı ildə 481, 2017-ci ildə 732, 2018-ci il ərzində 584, 2019-cu il ərzində isə 653 təşəkkür məktubu, zəngləri daxil olub və həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür edilib.

BŞT və TTYS-nin kollektivi var qüvvəsi və bacarığı ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə xalqın sağlamlığı keşiyində durmağa çalışır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı