Uşaq nə qədər su içməlidir?

Uşaq nə qədər su içməlidir?

Salam, dəyərli valideynlər.

Bu gün biz su haqqında danışacağıq. Daha doğrusu, suyun uşaq bədəni üçün önəmi haqqında.

Çoxunuz bilirsiniz ki, hər bir böyük adam çəkisindən asılı olaraq gün ərzində 1,5-2,5 litr su içməlidir.

Bəs uşaqların nə qədər suya ehtiyacı var?

İlk öncə xatırlatmaq istəyirem ki, sırf ana südü ilə qidalanan körpələrin ilk 6 ayda suya ehtiyacı olmur. Yəni körpə əlave qida qəbul ətməyə başlayana qədər suya da ehtiyac duymaz. Digər tərəfdən isə körpə anada yaranan üzrlü səbəblərdən süni yaxud qarışıq (ana südü+süni qida) qıdalanmadadırsa, o körpə mütləq su içməlidir. Ümumiyyətlə bir pediatr olaraq bütün balaca pasiyentlərimin valideynlərinə tövsiyə edirəm: maye olaraq uşağa içməyə yalnız su verin! Və yaxşı olar ki, bu, filtrdən keçirilmiş təmiz çiy içməli su olsun. Bunun üçün böyük qablarda satılan içməli su almaq vacib deyil, çünki bəzən onun da keyfiyyətindən şübhə etmək olar. Ev şəraitində istifadə olunan su fitrləri suyu təmizləmək üçün yetərlidir.

Bəs niye kompot və şirə deyil, məhz su içməlidir uşaq?

Su uşaq orqanizminin formalaşmasında, immunitetinin inkişafında, əhvalının ve hətta keyfinin yaxşı olmasında böyük rol oynayır. Beləlikle, daha öncə qeyd etdiyim kimi, doğulduğu gündən bəri süni yaxud qarışıq qidalanmada olan körpələrin suya ehtiyacı var. Miqdarı – sutkada təxminən 100-200 ml. Daha sonra hər bir körpəyə çəkisinin hər kilosuna təxminən 50 ml MAYE lazımdır. Məhz MAYE yazıram, çünki şorbalar, çaylar və süni qidayla qəbul edilən mayeni də nəzərə almaq lazımdır. 1-3 yaşlı uşaqlara gün ərzində çəkisinin hər kilosuna artıq 50 ml SU lazımdır.

Uşağı su içməyə məcbur etmək lazım deyil. Su içmək kimi xeyirli vərdişi uşaqda körpəlikdən təklif edərək yaratmaq lazımdır.

Uşağın suya ehtiyacı olduğunu, susuzluğunu necə bilmək olar?
– dodaqların ve ağzın quruluğu;
– ağız qoxusu;
– dəri quruluğu və/yaxud solğunluğu;
– uşaq 6-8 saat ərzində kiçik bayira çıxmır (bezi yaxud bələyi qurudur);
– uşaq narahatdır, tez-tez ağlayır, lakin göz yaşı yoxdur;
– sidiyi tünd rəngli və/yaxud kəskin qoxuludur,
– uşağa su verdikdə, suyu böyük udumlarla içir (loru: başına çəkir).

3-7 yaş arası uşaqların gündə 1,5 litr suya ehtiyacları var. Ən yaxşısı budur ki, uşaq üçün suyu bir butılkada əl çatan yerə qoyasınız. Gəzintiyə çıxdıqda və məktəbə getdikdə uşağın çantasında mütləq su olmalıdır.

Daha böyük uşaqların gündə 1,5-2,5 litr suya ehtiyacları var. Və bu ehtiyac uşağınızın aktivliyi artdıqca (məsələn, idmanla məşğul olursa) çoxalır.

Son olaraq qeyd etmək istəyirəm ki, isti havalarda və xəstəlik zamanı uşağın suya ehtiyacı artır. Bununla belə isti havalarda uşağa sərin su vermək lazımdır (bu, eyni zamanda isti vurmasının da qarşısını alar). Xəstələndikdə isə uşağa ilıq (37-39 dərəcəli) su vermək lazımdır, çünki ilıq su orqanizm tərəfindən daha tez mənimsənir və bağırsaqlarda qısa zamanda sovrularaq sağalma prosesini sürətləndirir.

Bu günlük bu qədər. Diqqətiniz üçün minnətdaram.

Hörmətlə

Doktor Həmid Hacıağayev